Dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
Notariuslar və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına, notariatf əaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına görə dövlət rüsumunun dərəcələri cədvəldəki kimidir.
Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
11.1. Notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu ödənilmir:
11.1.1. doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;
11.1.2. təminatlı kreditorun iştirakçısı olduğu girov və ya ipoteka müqaviləsi ilə bağlı notariat hərəkətləri aparılarkən dövlət rüsumu tutulmuşdursa, həmin müqavilədən irəli gələn borc öhdəliklərinin təmin edilməsi üçün iflas prosesi zamanı təminatlı kreditor ilə əmlak inzibatçısı arasında bağlanmış saziş ilə əlaqədar notariat hərəkətləri üzrə - təminatlı kreditor və əmlak inzibatçısı;
11.1.3. mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə - işləyib-işləməməsindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, birinci dərəcə əlilliyi olan işləməyən şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, qaçqınlar və məcburi köçkünlər;
11.1.4. Mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alınması və ya dəyişdirilməsi əqdləri ilə bağlı notariat hərəkətləri üzrə - "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar;
11.1.5. pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə;
11.1.6. notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə;
11.1.7. digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcıya keçirilərək təsdiq edilməsinə görə.
11.2. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.
Notarius tərəfindən notariat hərəkətlərinə görə dövlət rüsumunun qəbulu zamanı ödəyiciyə dövlət rüsumunun ödənilməsini təsdiq edən rəsmi sənədin (mədaxil qəbzi, kassa mədaxil orderi və s.) əsli verilir.
11.3. Bu Qanunun 10.1.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.