Etibarnamə nədir?
Mobil Notariat
Ana səhifə / Bloq / Etibarnamə nədir?

Etibarnamə nədir?

blog image

Etibarnamə – bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalətdir. Etibarnaməni verən şəxs müvafiq olaraq “Etibarən edən”, etibarnamə üzrə səlahiyyətli şəxs isə “Etibarə edilən” tərəf adlanır. Etibarnamə həm fiziki, həm də hüquqi şəxs tərəfindən müvafiq olaraq fiziki və ya hüquqi şəxsə və yalnız yazılı formada verilə bilər (şifahi etibarnamənin hüquqi əhəmiyyəti yoxdur)

Etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.
Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.

Etibarnamə necə tərtib olunur?

Etibarnamənin düzgün tərtib edilməsi hüquqi baxımdan çox əhəmiyyətlidir. Etibarnamə verən şəxs və etibarnamə alan şəxs arasındakı razılaşma və hüquqi münasibətlərin düzgün şəkildə sənədləşdirilməsi vacibdir. Etibarnamə aşağıdakı qaydalara əsasən tərtib olunur:

Etibarnamənin məqsədinin müəyyənləşdirilməsi

Etibarnamənin tərtib olunmasında ilk addım, etibarnamə verənin hansı hüquqlarını və ya fəaliyyətlərini etibarnamə alan şəxsə vermək istədiyini müəyyənləşdirməkdir. Bu məqsəd, etibarnamənin məzmununu və səlahiyyətləri aydınlaşdırır.

Şəxsi məlumatların daxil edilməsi

Etibarnamədə etibarnamə verənin və alanın tam adı, şəxsiyyət məlumatları, əlaqə məlumatları və digər vacib məlumatlar göstərilməlidir.

Notarial təsdiq

Etibarnamə notarius tərəfindən təsdiq edildikdə, sənədin hüquqi qüvvəsi yaranır. Notarius, həmçinin etibarnamənin məzmununun qanuna uyğunluğunu yoxlayır.

Etibarnamənin düzgün tərtib olunması, hüquqi problemlərin qarşısını alır və etibarnamənin etibarlı olmasını təmin edir.

Etibarnamə haqqında diqqət edilməsi gərəkən mühüm məsələlər

Etibarnamə verən şəxs və etibarnamə alan şəxs arasında hüquqi əlaqə yaratdığından, onun hazırlanmasında və rəsmiləşdirilməsində bir neçə mühüm məsələni nəzərə almaq vacibdir:

Etibarnamənin səlahiyyətləri

Etibarnamə verən şəxsin hansı səlahiyyətləri etibarnamə alan şəxsə verdiyini aydın şəkildə göstərmək vacibdir. Səlahiyyətlərin müfəssəl şəkildə göstərilməsi, sonradan hüquqi mübahisələrin yaranmasının qarşısını alar.

Etibarnamələrin təsdiq edilməsi və onların qüvvədə olmasına xitam verilməsi

Notarius və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxs bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər.

Etibar edilmişi başqasına etibar etmə qaydasında verilən etibarnamə etibar edilmişi başqasına etibar etmə hüququ şərtləşdirilmiş əsas etibarnamə təqdim olunduqda və ya əsas etibarnamə üzrə nümayəndə etibarnamə verən şəxsin mənafeyinin mühafizəsi üçün buna məcbur olduğunu təsdiq edən sübutlar təqdim etdikdə notariat qaydasında təsdiq edilir.

Etibar edilmişi başqasına etibar etmə qaydasında verilmiş etibarnamə əsas etibarnamə üzrə verildiyindən artıq hüquqlar etibar etməməlidir. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq olmamalıdır.

Etibarnamənin qüvvədə olmasına xitam verilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Mobil Notariat ilə etibarnamə rəsmiləşdirmək mümkündür

Mobil Notariat platforması ilə sənədləri elektron qaydada rəsmiləşdirmək mümkündür. Vətəndaşlar notariat ofisinə getmədən etibarnaməni mobil cihazları ilə rəsmiləşdirə bilərlər. Platformada aşağıdakı etibarnamə növlərinə müraciət mövcuddur:

  • Nəqliyyatdan istifadə etibarnaməsi
  • Nəqliyyata sərəncam etibarnaməsi
  • Qurumlarda təmsilçilik etibarnaməsi
  • Daşınmaz əmlaka sərəncam etibarnaməsi
  • Vəkil etibarnaməsi
  • Bank etibarnaməsi
  • Vərəsəlik etibarnaməsi
  • Dərmanların alınması üçün etibarnamə

Vətəndaşlar etibarnamə tərtib etmək üçün notariat ofisinə getməyə ehtiyac duymadan, onlayn və ya mobil tətbiq vasitəsilə xidmət alırlar.

Mobil Notariat platforması ilə sadəcə bir neçə addımda sənədləri elektron qaydada rəsmiləşdirmək mümkündür. 

Mobil Notariat